İQTİSADİYYAT


Suraxanı rayonunda təmirə ehtiyacı olan 18 kilometr yol yenidən qurulur VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 18 kilometr uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

Sözügedən rayonun Əmircan qəsəbəsində 6 kilometr uzunluğa malik Üzeyir Hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və Malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 5 kilometr olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərin bir hissəsi yerinə yetirilib.

Belə ki, layihə çərçivəsində Əmircan qəsəbəsində Vladimir Balandin, Malik Mustafayev və Park küçələri müasir səviyyədə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçələrə yeni asfalt-beton örtüyü döşənib. Hazırda qəsəbə üzrə analoji təmir-bərpa işləri Elxan Həsənov və Tahir Bağırov küçələrində davam etdirilir. Artıq bu küçələrin bir hissəsində də işlər yekunlaşdırılıb.

İnvestisiya proqramına uyğun olaraq Hövsan qəsəbəsində isə İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, Oqtay Şabanov və Bağça küçələrində isə təmir-bərpa işləri agentlik tərəfindən davam etdirilir.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında, həmçinin 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.