CƏMİYYƏT
Suraxanı rayonunda yeni park və “Veteranlar guşəsi” açılıb
Bakı, 16 iyun, AZƏRTAC
Son vaxtlar Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin birgə fəaliyyəti nəticəsində rayonda yeni 14 nümunəvi “Abad məhəllə” salınıb. Binaların həyətində səkilər yenilənib, küçələrin asfalt örtüyü əsaslı təmir olunub, yağış sularının axıdılması üçün barmaqlıqlar qoyulub, kanalizasiya xətləri dəyişdirilib, yeni işıq dirəkləri quraşdırılıb. Əhalinin mədəni istirahəti üçün həyətlərdə söhbətgahlar və oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif növ idman avadanlıqları və yelləncəklər quraşdırılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Milli Qurtuluş Günü Hövsan qəsəbəsində ərazisi 1 hektara yaxın olan yeni istirahət parkı sakinlərin istifadəsinə verilib.
Həmin gün rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qəsəbədə yeni inşa edilən “Veteranlar guşəsi”ndə rayon sakinləri, o cümlədən veteranlarla görüşüb. O, sakinlərə rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, son 13 il ərzində rayonda 28,3 min daimi iş yeri açılıb, 241 nəfər işə qəbul edilərək onlarla əmək müqaviləsi bağlanılıb. Hövsan qəsəbəsində Elman Qasımov və İlqar Əhlimanov küçələrində ayrı-ayrı yaşayış binalarının əsaslı təmirinə başlanılıb.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə rayon sakinləri ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.