İQTİSADİYYAT


Suraxanı rayonunun Cəlal Qurbanov küçəsi əsaslı şəkildə təmir edilib VİDEO

Bakı, 3 iyun, AZƏRTAC

Suraxanı rayonu üzrə ümumi uzunluğu 18,5 kilometr olan qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinə başlanılıb.

Bu çərçivədə qəsəbədə 1 kilometr uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.

Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri həyata keçirilib. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.

Bununla yanaşı, küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, ərazidə olan köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihəyə uyğun olaraq, asfaltlanma işləri yekunlaşdıqdan sonra eni 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bundan başqa, təmir işləri Suraxanı rayonunun Hövsan qəsəbəsinin Bahar yaşayış massivində də davam etdirilir.

Belə ki, qəsəbənin 1,5 kilometr uzunluğa malik yollarına hazırda yeni asfalt-beton örtüyü döşənir. Analoji işlər Hövsan qəsəbəsində uzunluğu 2 kilometr, ortalama eni 6 metr olan Oktay Şabanov küçəsində də aparılır.

Qısa zaman ərzində isə hər birinin uzunluğu 1,5 kilometr olan Bağlar yaşayış massivinin və Südçülük sovxozu adlanan ərazinin yollarında, həmçinin ümumi uzunluğu 7,7 kilometr olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.

Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14,2 kilometr təşkil edir.

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Növbəti mərhələlərdə Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 kilometrə yaxın qəsəbədaxili küçə və yolların təmiri işləri icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.