ELM VƏ TƏHSİL
Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Bakıdakı 275 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, birinci sinfə qəbul, məktəblərin ətraf ərazilərinin abadlaşdırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçən səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin edilməsi üçün sistemli iş aparılması məqsədi daşıyır.