CƏMİYYƏT
Suraxanıda Açıq Hökumətin təşviqi ilə bağlı tədbir keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və Dövlət Məşğulluq Xidmətinin Rayon Məşğulluq Mərkəzi ilə birlikdə Azərbaycan Prezidentinin 2016-cı il aprelin 27-də verdiyi Sərəncama əsasən Açıq Hökumətin təşviqi ilə bağlı 2016-2018-ci illərə dair Milli Fəaliyyət Planının icrasına dair “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Məşğulluq Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri Elşən Zahirli Milli Fəaliyyət Planının icrası ilə əlaqədar görülən işlər, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, rayonda müasir elektron xidmət növləri təkmilləşdirilib, yeniliklərə inteqrasiya edilən elektron xidmətlərin sayı artırılıb. Elektron hökumət portalının imkanlarından istifadə edilməklə vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirləri və təqdimatlar keçirilib.
Tədbirdə çıxış edən rayon prokurorunun böyük köməkçisi Fizuli Əliyev və rayon Məşğulluq Mərkəzinin müdiri Sənan Məmmədzadə Milli Fəaliyyət Planının icrası ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən şəffaflığın artırılması, hesabatlılığın və informasiya azadlığının təmin edilməsi, dövlət orqanlarının müasir səviyyəyə çatdırılması barədə məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.