CƏMİYYƏT
Suraxanıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə vətənpərvərlik mövzusunda tədbir keçirilib
Bakı, 6 iyun, AZƏRTAC
Suraxanı rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Vətən mənə oğul desə” mövzusunda tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib və Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut edib ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Ordumuzun 2016-cı ilin aprelində qazandığı şanlı qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Dördgünlük müharibə Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, şəhid anası Saray Quliyeva, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, döyüşkən ruhlu ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Sonra Azərbaycan Ordusu haqqında film göstərilib və ədəbi-bədii kompozisiya təqdim olunub.