SİYASƏT


Suraxanıda “Böyük zəfərlərin carçısı – İlham Əliyev” mövzusunda tədbir keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir illiyinə həsr olunmuş “Böyük zəfərlərin carçısı – İlham Əliyev” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin YAP Suraxanı Rayon Təşkilatının inzibati binasının foyesindəki büstünü ziyarət ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 2018-ci il 11 aprel prezident seçkilərindən bir il ötür: “Bir il, zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə, bu günə qədərki, uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır”. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs, bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərində mütləq qələbə qazanan İlham Əliyevin bir illik fəaliyyətini ölkə vətəndaşları yüksək qiymətləndirirlər. O deyib: “Prezident İlham Əliyevin fəaliyyətini Fransanın “Opinion Way” şirkətinin sorğusunda görürük. “Opinion Way” 8 blok üzrə suallar müəyyənləşdirib. Birinci dörd blokda qiymətləndirmədə müsbət rəy 90 faizə yaxındır. Digər dörd blokda isə 80 faiz ətrafındadır. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb. Düşünürəm ki, bu bir il bundan əvvəlki seçicinin və bugünkü respondentin Azərbaycandakı ictimai-siyasi prosesə şüurlu yanaşmasının göstəricisidir. Təbii ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər salaraq, əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir.

Tədbirdə Suraxanı rayonunda məskunlaşmış məcburi köçkün, şəhid anası Saray Quliyeva, fəal gənclərdən olan Arzu Məmmədli çıxış edərək bildiriblər ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək qeyd edib ki, Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq, ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə, heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, dövlətimizin başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

İlqar Abbasov, eyni zamanda, Suraxanı rayonunda həyata keçirilən quruculuq işləri haqqında da məlumat verib.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.