CƏMİYYƏT


Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 10 aprel, AZƏRTAC

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə elan olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı Rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxıb, Mərkəzlə tanış olub, gənc Heydərçilərlə görüşüblər.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək deyib ki, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96-cı ildönümüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Rayon rəhbəri vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi sayəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və Ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Güclənən, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir.

Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblilər arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin keçirilməsi çox təqdirəlayiq haldır. Çünki “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsi şagirdlərimizdə tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq məqsədi daşıyır.

İlqar Abbasov deyib ki, rayon mərhələsində tariximizin müxtəlif dövrlərini əhatə etməklə beş mövzu müəyyənləşdirilib və fevralın 14-dən martın 15-dək Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda şagirdlər arasında referat müsabiqəsi elan olunub. Məktəblərdən təqdim olunmuş 175 referat rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsində yaradılmış müstəqil komissiya üzvlərinə təqdim olunub. Komissiya tərəfindən ilkin olaraq 5 mövzu üzrə 30 ən yaxşı referat seçilib, növbəti mərhələdə isə 5 ən uğurlu referat seçilərək şəhər mərhələsinə göndərilməsi qərarı verilib və rayon üzrə keçiriləcək elmi-praktik konfransda iştirak hüququ qazanıb.

Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, müstəqil komissiyanın üzvü, 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva çıxış ediblər.

Sonra qalib şagirdlər - 196 nömrəli məktəbin şagirdi Sibel Məmmədli, 208 nömrəli məktəbin şagirdi Ləman Abbasova, 281 nömrəli məktəbin şagirdi Vəsilə Mahmudova, 285 nömrəli məktəbin şagirdi Nəzrin Sadıqova, 226 nömrəli məktəbin şagirdi Fatma Mirzəcanova yazdıqları referatları təqdim ediblər.

Sonda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin qalib şagirdləri rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.