ORDU
Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçıların təntənəli yolasalma mərasimi keçirilib
Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Suraxanı Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları və çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.
Rayon rəhbərliyinin, SHXÇDX Suraxanı Rayon İdarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, müharibə veteranlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin və çağırışçıların valideynlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi videoçarx təqdim olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib.
Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesindən söz açıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurları diqqətə çatdırıb.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində müxtəlif proqramların icra olunduğunu bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Valideynlər adından çıxış edən Zakir Kazımov əsgər atası olmağı ilə qürur duyduğunu söyləyib.
Çağırışçı Rüfət Kazımov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini deyib.
Sonra Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestri və bədii kollektivinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və rayonun 118 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.
Sonda səhnəyə Azərbaycan Respublikasının dövlət bayrağı gətirilib. Çağırışçı gənclər bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola düşüblər.