CƏMİYYƏT


Suraxanıda bu günədək 122 min 881 nəfər tibbi müayinədən keçib

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon üzrə 180 min 668 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Onlardan 166 min 220 nəfəri (18 yaşdan yuxarı) rayon sakini, 14 min 448 nəfəri (18 yaşdan yuxarı) isə rayonda məskunlaşan məcburi köçkündür. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. Bu günə qədər Suraxanı rayon üzrə 122 min 881 nəfər və 95 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 2946 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 159 nəfər stasionar müalicəyə cəlb edilib, 164 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Yeni Suraxanı qəsəbəsində yerləşən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Bu səhiyyə ocağının poliklinika hissəsində Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.

Xəstəxananın baş həkimi Bəhlul Məmmədov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.

Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər. Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 10 min 445 nəfər tibbi müayinədən keçib. Onların 743 nəfərində xəstəlik aşkar olunub, 21 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, 648 nəfərdən laborator analiz götürülüb, 260 nəfər EKQ, 253 nəfər rentgen müayinələrindən və 252 nəfər isə UZİ müayinəsindən keçib.

Qəsəbənin sakinləri 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının tibbi heyətindən, burada yaradılan şəraitdən razıdırlar. Əhali vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünü alqışlayırlar və bildirirlər ki, genefonumuzun qorunmasına, eləcədə ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidmət edən bu aksiya bir daha sübut edir ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.