CƏMİYYƏT
Suraxanıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
Bakı, 27 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin, rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə “Zərifə Əliyeva – böyük alim, fədakar qadın, qayğıkeş ana” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Əvvəlcə iştirakçılar Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə ucaldılan abidəsini ziyarət edib, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub, Mərkəzdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə yaradılmış guşədəki büstün önünə tər güllər düzüb, rəsm və kitab sərgisi ilə tanış olub, “Elegiya” filminə baxıblar.
Sonra Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov konfransda çıxış edərək deyib ki, tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Qəlbi Vətən sevgisi ilə döyünən, xeyirxah əməlləri ilə xalqının adını yüksəklərə qaldıran, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan Zərifə xanım Əliyeva həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşayıb. Təsadüfi deyil ki, onun seçdiyi sənət, mənalı ömür yolundakı yorulmaz fəaliyyət insanlara nur bəxş etmək olub.
Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə məruzə ilə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, səmimiyyəti, insanlara qayğısı idi. Xalqımız son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyevanın nurlu xatirəsini daim əziz tutur.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan qadın və inkişaf mərkəzinin Suraxanı rayon bölməsinin sədri Şövkət Xanməmmədova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova məruzə ətrafında çıxış ediblər.
Tədbir bədii hissə ilə yekunlaşıb.