CƏMİYYƏT


Suraxanıda insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər

Bakı, 22 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Bakının Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Bu günə qədər rayon üzrə 135 min 889 nəfər və 101 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan 3288 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 181 nəfər stasionar müalicəyə cəlb edilib, 189 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli Şəhər Poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacağa Bağırov bildirib ki, poliklinika müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali ümumi və biokimyəvi, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçir. Aprelin 22-dək 10827 nəfər yaşlı əhali tibbi müayinədən keçib. Onlardan 155 nəfəri rentgen, 131 nəfəri USM aparatından, 364 nəfəri laboratoriya və 113 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 701 nəfərində müxtəlif xəstəliklər aşkar olunub və 25 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəlik aşkar edilən vətəndaşların müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların evlərində tibbi xidmət göstərirlər”.

Bülbülə qəsəbəsində yaşayan vətəndaş Firuzə Tağıyeva 24 nömrəli Şəhər Poliklinikasının tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib. “Bu aksiya bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyir,” – deyə F.Tağıyeva vurğulayıb.

Bülbülə qəsəbəsində yaşayan sakin Cavid Babayev bildirib ki, Prezidentin bu təşəbbüsü qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanır və insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər: “Bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.