CƏMİYYƏT


Suraxanıda payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində görülən işlər müzakirə olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi noyabrın 22-də Suraxanı Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, bu sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub. Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılması da tədbirin məqsədlərindən olub.

Toplantıda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında məruzələr dinlənilib. Çıxışlarda rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Toplanış zamanı rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.

Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr dinlənilib.

Müşavirədə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Sonda tədbirdə səslənən və rayonda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.