İQTİSADİYYAT
Suraxanıdakı Novruz yarmarkası həm satıcıların, həm də alıcıların ürəyincədir
Bakı, 9 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə martın 2-dən etibarən paytaxtın 14 ünvanında, eləcə də ölkənin bütün şəhər və rayon mərkəzlərində fəaliyyətə başlayan Novruz yarmarkaları davam edir.
AZƏRTAC xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli V yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində fəaliyyət göstərən Novruz yarmarkasında da əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Yarmarkaya Balakən, Zaqatala, Şəki, İsmayıllı və Gədəbəy rayonlarından ümumilikdə 80-dək fermer tərəfindən 100-dək çeşiddə 10 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev AZƏRTAC-a bildirib ki, təklif edilən kənd təsərrüfatı məhsullarının qiyməti bazarla müqayisədə təqribən 25-30 faiz ucuzdur. Yarmarkada süni qiymət artımının qarşısının alınması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Bayram yarmarkalarında yaradılmış şərait həm satıcıların, həm də alıcıların ürəyincə idi. Bu da təsadüfi deyildi. Çünki yarmarkalara üz tutan vətəndaşlar bayram süfrələrini keyfiyyətli məhsullarla zənginləşdirməklə yanaşı, həm də ailə büdcələrinə qənaət etmək imkanı əldə edirdilər.
Şəki rayonundan olan fermer Vasif Məmmədov deyib: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait mövcuddur. Neçə illərdir ki, özümə məxsus 1 hektar ərazidə müxtəlif növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul oluram. Halal zəhmət hesabına dolanışığımı təmin edirəm. Elə ötən mövsüm ərzində də bol məhsul yetişdirməyə nail olmuşam. Bu gün dövlətimiz fermerlərə hərtərəfli dəstək göstərməklə yanaşı, onların öz məhsullarını bazara çıxarmalarına şərait yaradır. Elə Novruz yarmarkaları da kəndlinin halal zəhməti, alın təri hesabına yetişdirdiyi məhsulu bazara çıxarıb satmaq üçün əla bir fürsətdir. Buna görə də, mən vətəndaşlar üçün belə bir şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Rayon sakini Töhfə İsmayılova da yarmarkada yaradılmış hərtərəfli şəraitdən razılığını bildirib: “Ölkəmizdə Novruz yarmarkalarının keçirilməsi xoş bir ənənəyə çevrilib. Burada təklif edilən məhsulların həm keyfiyyəti, həm də qiymətləri alıcıları tam qane edir. Özüm yaxınlıqda yaşadığım üçün bayram alış-verişi üçün hər il bura üz tuturam. Bu, mənə həm vaxta, həm də büdcəmə qənaət etməyə imkan yaradır”.
Yeni Günəşli, AB massivinin sakini Zakir İbrahimov da bayram bazarlığı üçün yolunu məhz buradan salmışdı. O deyib: “Yarmarkada yaradılan hərtərəfli şərait, məhsul bolluğu və münasib qiymətlər sakinlərdə bayram-əhval ruhiyyəsini qat-qat artırır. Dükan-bazarla müqayisədə qiymətlərin xeyli ucuz olması buraya üz tutan hər kəsdə müştəri məmnunluğu yaradır. Ötən Novruz bazarlığımı da məhz bu yarmarkada etmişdim. Hətta deyərdim ki, aldığım məhsulların qiymətləri keçənildəkindən də ucuzdur”.