CƏMİYYƏT


Suraxanının sosial-iqtisadi inkişafı ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 19 iyul, AZƏRTAC

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Mərkəzin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibətilə ölkənin aparıcı mətbuat orqanlarının nümayəndələrinin rayon ictimaiyyəti ilə görüşü keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Görüşdə icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək milli mətbuatımızın yaranma tarixindən danışıb. O vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb və qəbul olunub. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu konsepsiyanın müddəalarını uğurla həyata keçirir. Prezident İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında Prezidentin imzaladığı sərəncamlar bir daha göstərir ki, dövlətimiz milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin də sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi işləri uğurla davam edir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Fond artıq üçüncü dəfədir Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirir. Bugünkü tədbir Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyinə təsadüf edir. Azərbaycan Milli Mətbuatı şərəfli yol keçib. Bu yolu üç hissəyə bölmək olar. Birinci hissə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşr edilməsi ilə başlayır. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında “Ziya”, “Kəşkül”, “Kaspi” qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində “Şərqi-rus”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. İkinci hissəni sovet dövrü əhatə edir. Bu dövrdə, xüsusilə, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda mətbuatın inkişafında əsaslı dönüş yarandı. Üçüncü hissəni isə müstəqillik dövrü əhatə edir. Müstəqilliyin ilk illərində ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında mühüm dəyişikliklər baş verdi, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. Qanunvericilik bazası təkmilləşdirildi. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. Bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyev Azərbaycan mətbuatına, mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərir. 2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və dövlətimizin başçısı tərəfindən yeni binanın təməli qoyulub. Yaxın üç ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək. İyulun 15-də Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Sonra Milli Məclisin deputatı Ağacan Abiyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal çıxış edərək media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, keçirilən birgə müsabiqənin əhəmiyyətindən söz açıblar.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.