REGİONLAR
Sürətlə inkişaf edən müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub
Zaqatala, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
28 ildir ki, xalqımız oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünü iftixar hissi ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir” arzusu bu gün artıq gerçəkləşib. Bu gün müstəqil Azərbaycan sürətlə inkişaf edir və dünya birliyində öz layiqli yerini tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Əbədi müstəqilliyin mübarək, Azərbaycan!” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısının müavini Vəfa Süleymanova konfransda çıxış edərək, dövlət müstəqilliyinin əldə edilməsindən ötən 28 ilin Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrü olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyev şəxsiyyəti müdrik siyasəti ilə xalqımızı keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarıb. Ulu Öndərin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başlayıb, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılıb.
Müstəqilliyimizin ilk illərinin xalqımız üçün olduqca çətin şəraitdə keçdiyini xatırladan V.Süleymanova bildirib ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yeri olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıdıb. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu, müstəqilliyimizin daha da möhkəmləndiyini, əbədi və dönməzliyinin təmin edildiyini xüsusi vurğulayıblar.
Konfransın sonunda Dövlət Müstəqilliyi Gününə həsr olunan film nümayiş etdirilib.