REGİONLAR


“Sürətli oxu” dərnəyinin üzvləri arasında keçirilən ilk müsabiqə başa çatıb

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı” çərçivəsində “Sürətli oxu” dərnəyinin üzvləri arasında keçirilən ilk müsabiqə başa çatıb.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə 3 mərhələdə təşkil edilib. Dərnək üzvləri I mərhələdə Cek Londonun “Əcdadların harayı” əsərini, II mərhələdə Jül Verinin “Sirli ada” hekayələrini, III mərhələdə isə “Qoca və vəzir” nağılını oxuyublar. Müsabiqənin şərtlərinə görə seçilən mətnləri oxumaq üçün dərnək üzvlərinə I mərhələdə 5 dəqiqə, II mərhələdə 3 dəqiqə, III mərhələdə isə 1 dəqiqə vaxt verilib. Sonra şagirdlər oxuduqları əsərlərin qısa məzmununu izah ediblər.

Müsabiqənin sonunda qaliblər hər mərhələ üzrə oxuma sürəti və anlama qabiliyyətinə görə münsiflər heyəti tərəfindən müəyyən edilib. Nəticələrə görə I yerə Aysel İbrahimli, II yerə Nigar Cəfərova, III yerə Humay Hüseynova, həvəsləndirici yerə isə Türkanə Bayramova layiq görülüb.

Qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən etibarən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnək - Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri, 2020-2021-ci tədris ilindən isə STEAM dərnəyi fəaliyyət göstərir. Həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.