SİYASƏT
Surinam Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-cı sessiyası çərçivəsində Surinamın xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov qarşı tərəflə İƏT çərçivəsində Avropa və digər ölkələr qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan-Surinam diplomatik əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş layihəsinin imzalanmağa hazır olduğunu deyib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib.
Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və bu xüsusda tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Xanım nazir azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət edib.
Görüşdə, həmçinin Azərbaycan ilə Surinam arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.