DÜNYA


“Suriya dərinliyi”nə düşən ABŞ-İran qarşıdurması

Tehran, 18 may, AZƏRTAC

İran ilə ABŞ münasibətlərinin gərginliyi haqqında dünya mətbuatı kifayət qədər materiallar dərc edərək, hərtərəfli təhlillər aparıb. Lakin indiki məqamda gərginliyin pik həddinə çatmasının xüsusi səbəbləri var ki, bu da Suriyada davam edən vətəndaş müharibəsi ilə əlaqədardır.

Suriyada vətəndaş müharibəsinin başladığı ilk günlərdən İranın Bəşər Əsədi müdafiə etməsi dolayısı ilə ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi yeni “geosiyasi layihənin” reallaşmasına mane olur ki, bu da İran ilə Qərb dövlətləri arasında imzalanmış nüvə sazişinin pozulmasına, ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaların artmasına, hətta tərəflərin hərbi güc nümayişinə gətirib çıxardı.

Bu gün ABŞ-ın başlıca məqsədi İranı Yaxın Şərq bölgəsindən sıxışdırıb çıxarmaqdan ibarətdir. İranın Suriya, İraq və Livana dərin nüfuz etməsi ABŞ-a bu regionu öz təsir dairəsində saxlamasına imkan vermir.

İranın tanınmış din xadimi höcətülislam Mehdi Tayebi Suriyanı İranın 35-ci vilayəti hesab edir. O, Suriyanın İran üçün strateji əhəmiyyətini qiymətləndirərək yazır ki, əgər düşmən Xuzistan vilayəti ilə Suriyaya hücum etsə, onda İran Suriyanı öz ərazisi olan Xuzistandan daha yaxşı müdafiə etməlidir. İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti isə qeyd edir ki, İran Suriyanı itirsə, bu Tehranın itirilməsinə bərabər olacaq. Ə.Ə.Vilayətinin İranın xarici siyasətini müəyyənləşdirən şəxslərdən biri olduğunu nəzərə alsaq, onun sözlərinin mahiyyətini daha aydın başa düşərik. Yəni Suriya İran üçün həyati əhəmiyyət daşıyır.

Bəs bu əhəmiyyət nədən ibarətdir? İqtisadi sanksiyalara, beynəlxalq təzyiqlərə baxmayaraq İran Suriyadan niyə çıxmaq istəmir?

Bu sualları cavablandırmaq üçün dünya mətbuatında “Suriya dərinliyi” adlanan vətəndaş müharibəsinin başlama səbəblərinə toxunmaq lazımdır. Tanınmış ABŞ politoloqu Patrik Sial “Suriya uğrunda döyüş” kitabında yazır: “Kim Suriyanı idarə edərsə, o da ərəb dövlətlərinin və onların müttəfiqlərinin regionda həyata keçirmək istədikləri siyasətin qarşısını almaq iqtidarında olacaq”. Politoloqun bu fikirləri “Suriya dərinliyi”ndəki bəzi məsələləri üzə çıxarır. Aydın olur ki, ABŞ Suriyanı idarə etməyə cəhd göstərir və bunun qarşısı İran tərəfindən alınır. Rəsmi Vaşinqton regionda İran-Suriya müttəfiqliyini pozmağa və Suriyanı təkbaşına idarə etməyə can atır. Suriyanı idarə etmək uğrunda mübarizə gedir və bu da vətəndaş müharibəsinin əsas səbəblərindən biridir.

İran-Suriya müttəfiqliyi uzun müddət ABŞ-a regionda geosiyasi maraqlarını təmin etməyə imkan vermirdi. Bu ittifaq ABŞ və İsrailin regiondakı siyasətlinin qarşısını alır və İrana ideoloji xəttini davam etdirmək üçün geniş imkanlar yaradır. İranın İraq ilə müharibədən qalib çıxması, Livanın əldə saxlanılması, bu gün də İraqa dərindən nüfuz edə bilməsi məhz Tehran-Dəməşq ittifaqı sayəsində mümkün olub.

Səudiyyə Ərəbistanın ABŞ-la ittifaqa girib İrana qarşı siyasət yürütməsinin səbəbi ideoloji əsaslara dayanır. İranın şiəliyi yayması Ər-Riyadı narahat edir. Şiəliyin daha geniş yayılması isə Səudiyyə Ərəbistanının regiondakı rolunu azaldır. İran Livan vasitəsilə Fələstin probleminə təsir göstərərək İsrailin maraqlarına qarşı çıxır.

Məhz bu və digər amillərə görə ABŞ İsrail və ərəb dövlətlərindən ibarət koalisiya yaradaraq İranın regiondakı fəaliyyətini məhdudlaşdırmağa çalışır. Hazırda İran iqtisadi sanksiyalar altında böyük məşəqqətlərə qatlaşmaq zorundadır. ABŞ yerli əhalini mövcud rejimə qarşı qaldırmaq, İranda hakimiyyəti dəyişmək istiqamətində addımlar atır. İctimai rəydə belə bir fikir formalaşır ki, guya İran Suriyadan, Livandan və İraqdan çıxsa, iqtisadiyyatını inkişaf etdirər, dünyaya açılar və rahat yaşayış təmin olunar. Lakin məsələ heç də belə deyil. Son məqsəd İranın özüdür. Ə.Ə.Vilayətinin təbirincə desək, Suriyanı itirmək Tehranı itirməyə bərabər olacaq. Rəsmi Tehran Suriyadan çəkilsə və ABŞ burada möhkəmlənsə, növbəti mərhələdə İranda yaşayan xalqların hüquqlarının “müdafiəsi” məsələsi daha fəal şəkildə gündəmə gətiriləcək. Bu, dövlətin parçalanması, dağıdılması üçün şərait yaranacaq və enerji mənbələri ələ keçiriləcək. Bu siyasət İranda hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq həyata keçiriləcək.

Mövcud reallığı İranda artıq hamı başa düşüb və dövlətin ətrafında daha sıx birləşməyə səbəb olub ki, bu da Vaşinqtonun siyasi planlarına böyük maneə yaradır. Ona görə də ABŞ güc nümayiş etdirmək qərarına gələrək Fars körfəzinə hərbi qüvvə göndərməklə İranı qorxutmağa, ona psixoloji təzyiq etməyə çalışdı və bu da gözlənilən effekti vermədi. Hərbi əməliyyatlara başlamaq Donald Trampa baha başa gələr. Əvvəla, ABŞ ictimaiyyəti və Konqres birmənalı şəkildə müharibə istəmir. Digər tərəfdən isə məqsədə nail olmağın şübhəli göründüyü təqdirdə növbəti dəfə milyardlarla dollar xərcləmək D.Trampa nəinki siyasi dividend qazandırmayacaq, əksinə, Konqresdə prezidentin impiçment məsələsinin qaldırılması ilə nəticələnəcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi açıq şəkildə bəyan edib ki, Konqresin razılığı olmadan Ağ evin hərbi əməliyyatlara başlamaq ixtiyarı yoxdur.

Vəziyyətin bu istiqamətdə cərəyan etməsi D.Tramp üçün bir qədər gözlənilməz oldu. Prezidentin İrana yenidən danışıqlara başlamaq təklifi də təsadüfən meydana çıxmadı. Ağ evdə başa düşürlər ki, İran iqtisadi təzyiqlərlə geri çəkilməyəcək. Müharibəyə başlamaq isə yuxarıda qeyd etdiyimiz kimi mümkün görünmür. Odur ki, yeni danışıqlar çıxış yolu ola bilər. Lakin İran yeni danışıqlara başlamaq həvəsində deyil. Müasir dünyanın bu probleminin nə ilə nəticələnəcəyini demək çox çətindir. Görünən odur ki, tərəflər güzəşt etmək istəyində deyillər, vəziyyət isə gərgin olaraq qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.