DÜNYA
Suriyadakı Rukban düşərgəsində irimiqyaslı humanitar əməliyyat çərçivəsində minlərlə uşaq peyvənd edilib
Bakı, 16 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Suriyanın İordaniya ilə sərhədində yerləşən Rukban düşərgəsində həyata keçirilən 9 günlük vaksinləmə kampaniyasının gedişində minlərlə uşaq peyvənd edilib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təqribən 40 min insanın məskunlaşdığı düşərgədə aylar ərzində heç bir tibbi xidmət göstərilməyib.
BMT, UNICEF və Suriya Qırmızı Aypara hərəkatının Rukbanda birgə missiyası Suriya böhranının tarixi ərzində ən irimiqyaslı humanitar əməliyyatdır. Bu günlərdə 133 yük maşınından ibarət avtomobil karvanında ərzaq məhsulları, tibbi ləvazimat, o cümlədən vaksinlər, geyim, şəxsi gigiyena əşyaları, həmçinin uşaqlar üçün tədris materialları düşərgəyə çatdırılıb.
“Rukbanda şərait son dərəcədə ağırdır. Bura “sahibsiz yerdir”. Burada heç bir infrastruktur yoxdur, təmiz içməli sudan istifadə etmək imkanı məhdudlaşdırılıb. Onlar hətta ən adi tibbi yardım da almırlar. Düşərgə sakinlərinin səhhəti acınacaqlı vəziyyətdədir, - deyə BMT-nin qaçqınların işi üzrə idarəsinin nümayəndəsi Andrey Maxesiç bildirib.
Köçkünlərin əksəriyyətinin payına yalnız düyü və çörəklə qidalanmaq düşür. Çünki yerli bazarda ət və tərəvəz çox bahadır. Böyüklərin çoxu gündə cəmi bir dəfə yeyir, bununla da öz uşaqlarına mümkün qədər daha çox yemək saxlamağa cəhd edirlər. Bununla yanaşı, bir çox ailələrdə odun olmadığından onlar ocaq qalayaraq yemək hazırlaya və özlərinin müvəqqəti yaşadıqları yeri isidə bilmirlər.
BMT-də qeyd edirlər ki, ən pis vəziyyətdə olanlar qadınlar və qızlardır. Onların əksəriyyəti öz evlərindən və qaldıqları çadırlardan çıxmır, hücum və zorlanmanın qurbanı olmaqdan qorxurlar.
“Qızların çoxunu erkən yaşlarda ərə verirlər. Bəzi qız və qadınlar hətta bir neçə dəfə ərdə olublar. Digərləri dolanmaq məqsədilə hər vasitəyə əl atırlar”, - deyə Maxesiç bildirib.
Rukban ucqar rayonda, Dəməşqdən 300 kilometr aralıda yerləşir. Humanitar yardımın çatdırılmasından ötrü BMT və tərəfdaşları münaqişənin aparıldığı bütün tərəflər ilə danışıqlar aparmalı və onların hər birindən əraziyə daxil olmaq üçün icazə almalıdırlar. Yollar təhlükəsizlik məqsədilə tez-tez bağlanılır.
Rukbanın minlərlə sakini bir neçə ay humanitar yardımsız qalıblar. Ərzaq və tibbi ləvazimatla dolu bundan əvvəlki avtomobil karvanını düşərgəyə ötən ilin noyabrında göndərmək mümkün olub.