CƏMİYYƏT
Suriyadan repatriasiya olunanlar psixoloji reabilitasiya proqramına cəlb ediliblər
Bakı, 18 iyun, AZƏRTAC
Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların reabilitasiya və reinteqrasiya işləri həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reabilitasiya proqramına cəlb ediliblər.
Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reabilitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində aparılır.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.