QAN YADDAŞI
Suriyalı türkmən publisist: 20 Yanvar Azərbaycan xalqının şanlı tarixində rəşadət nümunəsidir
Qahirə, 21 yanvar, AZƏRTAC
“Əfkar Hür” portalında Suriya mənşəli türkmən həkim və publisist Muhtar Beydilinin “20 Yanvar faciəsi Azərbaycan xalqının şanlı tarixində rəşadət nümunəsidir” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif sovet ordusunun 31 il əvvəl azadlıq mübarizəsinə qalxan azərbaycanlılara vəhşicəsinə divan tutduğunu, Nobel Sülh mükafatı almış Mixail Qorbaçovun əmri ilə türk-müsəlman əhalinin, o cümlədən qadın, qoca və uşaqların qətlə yetirdiyini yazır. Vurğulayır ki, həmin vaxt Kremlin təqib etdiyi dahi siyasi xadim Heydər Əliyev öz xalqı ilə həmrəylik nümayiş etdirərək və həyatını riskə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, bu dəhşətli cinayəti törədənlərin cəzalandırılmasını tələb etmişdi.
Məqalədə qeyd olunur ki, sovet ordusunun Bakıda törətdiyi bu ağır cinayətdən sonra mübarizə əzmini itirməyən Azərbaycan xalqı öz müstəqilliyini bərpa edib, qısa zaman ərzində türk dünyasının və regionun ən qüdrətli dövlətinə çevrilib.
Müəllif yazır ki, qədim Hələb şəhərində özlərini İmadəddin Nəsiminin nəvələri hesab edən türkmənlər hər zaman qardaş azərbaycanlılarla həmrəy olub, bu gün də rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarını işğaldan azad etməsinin sevincini yaşayırlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə