REGİONLAR
Surra kəndinin gənclərindən vətənpərvər addım: Azərbaycan və Türkiyə bayraqları 200 metr yüksəklikdə dalğalanır VİDEO
Şabran, 11 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranın Surra kəndinin gəncləri döyüş meydanında qələbə qazanan Azərbaycan Ordusuna dəstəklərini nümayiş etdiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən yaşayış məntəqəsində Azərbaycan və Türkiyə bayraqları 200 metr yüksəklikdə dalğalandırılır. Bayraqlar kəndin kənarındakı bir-birindən 1 kilometrdən çox uzaqlıqda yerləşən iki yüksəklikdən çəkilən xüsusi kəndirlə bərkidilib.
Sentyabrın 27-də başlanan Vətən müharibəsində şəhid olan Xəyal Həsənovun atası Əliyulla Həsənov bildirib ki, ordumuzun döyüş meydanındakı uğurlu əməliyyatları gənclərdə böyük ruh yüksəkliyi yaradıb. “Bu gün hər evdə, hər küçədə bayrağımız dalğalanır. Biz qalib xalqın nümayəndələriyik. İndi oğlumun ruhu da şaddır. Bu bayraqları səmada dalğalandırmaqla kəndimizin cavanları ordumuza dəstək olub, eyni zamanda, Xəyalın xatirəsinə hörmətlərini bildiriblər”-deyə, Əliyulla Həsənov vurğulayıb.
Kəndin üzərində dalğalanan bayraqların eni 5, uzunluğu isə 9 metrdir. Böyük ölçülü bayraqları kəndin istənilən ərazisindən görmək etmək olur. Sakinlər Azərbaycan və Türkiyə bayraqlarının burada daim dalğalanacağını bildiriblər.