DÜNYA
Sürücü “səs eşidib”: Tayms-skverdə baş vermiş insidentin bəzi təfərrüatları
Bakı, 19 may, AZƏRTAC
Nyu-York şəhərinin mərkəzi meydanında sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində azı bir nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 4-nün vəziyyəti kirtikdir. İlkin məlumata əsasən, hadisə terrorla bağlı deyil: sürücü ifadəsi alınan zaman “səslər eşitdiyini” bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Times Square” meydanında “Honda” markalı minik avtomobili yüksək sürətlə piyadalarla dolu səkiyə çıxıb və onlarla insanı vurub. Nəticədə 18 yaşlı qız həyatını itirib, çox sayda insan isə yaralanıb.
Sürücü, 26 yaşlı Riçard Roxas adlı Bronks sakini hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb. Polisin məlumatına əsasən o, avtomobili içkili halda idarə etdiyinə görə son 9 ildə iki dəfə həbs olunub. Həmçinin Roxasın keçən həftə notariat kontorunun əməkdaşını bıçaqla hədələdiyi üçün saxlanıldığı da bildirilir. Dindirilmə zamanı sürücü “səslər eşitdiyini” və tezliklə öləcəyini düşündüyünü deyib. Şəhər polisindən artıq onun barəsində cinayət işi açıldığı barədə məlumat veriblər.
Şahidlərin sözlərinə görə, insident Tayms-skverdə (Times Square) meydanında vahimə yaradıb. İlk dəqiqələrdə nə baş verdiyini anlamayan insanlar arasında çaxnaşma düşüb.