REGİONLAR
Sürücülərə yeni lisenziyalar verilir
Naxçıvan, 18 fevral, AZƏRTAC
Naxçıvanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə yeni lisenziyalar verilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində lisenziyaların verilməsi ilə bağlı keçirilən seminar-müşavirədə əvvəlcə muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək nəqliyyatın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında qeyd edib ki, Ali Məclis sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına uyğun olaraq Dövlət Nəqliyyat Xidməti haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilib, 2018-ci il noyabr ayının 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyanın verilməsinə başlanılıb. Bu məqsədlə Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları tərəfindən sürücülərlə lisenziyalaşdırmanın şərtləri və lisenziyanın alınması üçün lazım olan sənədlər barəsində davamlı maarifləndirici söhbətlər aparılır.
Vurğulanıb ki, 2020-ci ilin noyabr ayından yeni lisenziyanın verilməsinə başlanılıb, ötən müddətdə 400-ə yaxın sahibkar yeni lisenziyalarla təmin olunub. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyət növü üçün verilən lisenziyanın qüvvədəolma müddəti 1 ildir. Verilmiş lisenziya əsasında sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri lisenziya kartı ilə təmin edilir.
Sonra bir qrup sahibkara yeni lisenziya blankları və kartları təqdim olunub.