Sürücülük vəsiqəsi olmayan və narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanılıb
AzerTAg.az

Bakı, 21 fevral, AZƏRTAC
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Etibar Cəfərov idarə etdiyi “VAZ 21011” markalı, 57-BP-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işıqforun qadağan işarəsində hərəkətini davam etdirdiyi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyənləşib və onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçilib. Müayinə zamanı E.Cəfərovun narkotik maddə qəbul etdiyi müəyyən olunub.
E.Cəfərovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Cəfərov inzibati qaydada həbs edilib.
Xəbərin mətnində orfoqrafik səhv var