DÜNYA


Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər

Vyana, 17 oktyabr, AZƏRTAC

Avtomobil sənayesinin yeni trendləri sırasında olan sürücüsüz avtomobillər gələcəkdə nəqliyyatın müntəzəm hərəkətini təmin etməli və daha az tıxacların yaranmasına gətirib çıxarmalıdırlar. Lakin avstriyalı tədqiqatçıların apardığı simulyasiyalar bu məqsədin tam əks nəticə vermə ehtimalını ortaya çıxarıb.

AZƏRTAC xəbər verir ki, Vyana Texniki Universitetinin Nəqliyyat elmləri institutunun bir qrup tədqiqatçısı 15 ildən artıqdır ki, nəqliyyat simulyasiyaları modelləri üzərində çalışırlar. Müasir tendensiyalar əsasında hazırlanmış modeldə 2030-cu ilədək nəqliyyat sistemində sürücüsüz avtomobillərin sürücülər tərəfindən idarə edilən avtomobillərdən sayca çox olacağı proqnozlaşdırılıb. Çünki sürücülük vəsiqəsi olmayan və ya bundan məhrum olan, avtomobil sürmək istəməyən və ya yetkinlik yaşına çatmayan şəxslər sürücüsüz avtomobildən istifadə etmək imkanı əldə edə biləcəklər. Belə olduğu təqdirdə alimlər müəyyən ediblər ki, nizamlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, ictimai nəqliyyatdan daha az istifadə edilməsi və nəqliyyat sistemindəki avtomobillərin sayının artması baş verə bilər. Bu isə öz növbəsində ictimai nəqliyyatın cəlbediciliyini aşağı sala, nəqliyyatda tıxacları çoxalda bilər.

Alimlər bu ilin sonunadək Vyana nümunəsi əsasında öz konkret təkliflərini hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər. Layihənin məqsədi avtomobil dünyasının diqqətini ictimai nəqliyyat, müasir texnoloji imkanlar, nəqliyyat tıxacları və təhlükəsizlik məsələlərinə yönəltməkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.