REGİONLAR
Sus kənd sakini: O torpaqlar ermənilərə məxsus deyil, biz tezliklə doğma yurdumuza qayıdacağıq VİDEO
Ağcabədi, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində avqustun sonunadək Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ölkəmizin nəzarəti altına keçəcəyi ilə bağlı müjdəli xəbərini böyük sevinc hissi ilə dinlədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin. Qürur duyuruq, sevinirik ki, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə ailəmiz adından minnətdarlığımı bildirirəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçın rayonu Sus kənd sakini Vəli Hüseynov söyləyib.
Sus kəndində anadan olduğunu, ömrümün ən gözəl çağlarının doğma kəndində keçdiyini deyən Vəli Hüseynov nəinki Zabux və Sus kəndlərində, ümumiyyətlə Laçın rayonunda heç vaxt ermənilərin yaşamadığını bildirib: “Laçında heç vaxt erməni yaşamayıb. Onlar Laçın rayonu işğal olunandan sonra orada qanunsuz məskunlaşıblar. Artıq Laçın şəhərindən, Zabux kəndindən köçüb gedirlər. Çünki o torpaqlar onlara məxsus deyil. Ora bizim dədə-baba yurdumuzdur və biz tezliklə o torpaqlara qayıdacağıq”.
Vəli Hüseynovun ailəsi illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar, planlar qururlar. “Üç övladım, iki nəvəm var. Arzumuz, istəyimiz Laçına qayıtmaqdır. Kəndimiz tarixən heyvandarlıqla, bağçılıqla məşğul olub. Öz torpağımıza qayıdaq, heyvan da saxlayacağıq, əkin də əkəcəyik, bağ-bağat da salacağıq. Təki kəndimizə, yurdumuza qayıdaq”, – deyə Sus kənd sakini bildirib.