REGİONLAR
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə münasibətlərində yeni mərhələyə keçiddir VİDEO
İmişli, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələyə keçiddir” adlı iclas keçirilib. İclasda iki qardaş ölkə arasındakı münasibətlərdən danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən sədr Səfa Ağayev Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələyə keçid olduğunu vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən qardaş ölkə Türkiyə Azərbaycandan dəstəyini əsirgəmədi. Bu dəstək bizi daha güclü etdi və Qarabağ Zəfərimizdə mühüm rol oynadı. Qeyd edilib ki, Şuşa Bəyannaməsi bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır.
Səfa Ağayev diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir inkişaf edir. Ancaq bu mərhələ yeni bir mərhələdir. İki ölkə bir-birinə daha da yaxınlaşdı və Şuşa Bəyannaməsinin imzalanması bir çox platformalarda ölkələrimizin əməkdaşlığına ciddi töhfə verəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman Türkiyənin yanında olacaq. Ermənistan tərəfi anlamalıdır ki, regionda yeni vəziyyət yaranıb və revanşist bəyanatlara, təxribatlara son qoymalıdır. Ermənistanın qonşuları ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Əgər, yenidən hansısa təxribata cəhd edilərsə, bunun qarşısı Azərbaycan tərəfindən çox qətiyyətlə alınacaq. Ona görə də Ermənistan çalışmalıdır ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə versin.
İclas zamanı digər çıxış edənlər bildiriblər ki, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı. Bu tarixi sənəd ümumi maraqlarımızın qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Əlaqələrimizin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.