REGİONLAR


Şuşa Dövlət Musiqili Dram Teatrı Tərtər səhnəsində

Tərtər, 13 yanvar, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərəfindən Tərtər rayon Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası nümayiş etdirilib. Tamaşa rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşa şəhəri bütün xalqımız üçün əzizdir. 2022-ci ilin “Şuşa İli” elan olunması həm Şuşanın, həm də Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verəcək.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Elnurə Abdullayeva böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini indi də saxlayıb.

Tərtərli teatrsevərlərə və əsgərlərə təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Rollarda Əməkdar artist Azad Məmmədov, Püstəxanım Zeynalova və başqaları oynayıblar.

Tamaşa böyük marağa səbəb olub və alqışlarla qarşılanıb. Sonda teatrın yaradıcı heyətinə xatirə hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.