MƏDƏNİYYƏT
Şuşa Dövlət Musiqili Dram Teatrı “Varlı qadın” tamaşasının premyerasına hazırlaşır VİDEO
Bakı, 5 iyul (AZƏRTAC). Şuşa Dövlət Musiqili Dram Teatrı Əli Əmirlinin “Varlı qadın” tamaşasının premyerasına hazırlaşır.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanaraq repertuara daxil edilmişdir.
Tamaşanın premyerası iyulun 11-də Azərbaycan Dövlət Musiqili Teatrında (Akademik Zərifə Əliyeva prospekti, 8) olacaqdır.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.
Tamaşada əsas rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Mobil Qurbanov, Etibar Cəfərov, Məmməd Məmmədov və başqaları ifa edirlər.
Əli Əmirlinin 1999–cu ildə qələmə aldığı “Varlı qadın” komediyası elə həmin ildən başlayaraq respublikamızın bir çox teatrlarında, o cümlədən Tacikistanın iki teatrında rus və tacik, Qırğızıstanın Bişkek şəhər teatrında rus və qırğız, Qazaxıstanın iki teatrında rus və qazax dillərində, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki Kumık Dövlət Musiqili Dram Teatrında kumık dilində tamaşaya qoyulmuşdur.