ELM VƏ TƏHSİL


“Şuşa İli” – Azərbaycan xalqının sevinc və qürur ili

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazılırdı, igid oğullarımız dayanmadan irəliyə gedirdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Hər bir gün Azərbaycan xalqı üçün sevinc, qürur, Qələbəyə bir addım da yaxınlaşmaq demək idi. Lakin 2020-ci il noyabrın 8-də hər bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi bir hadisə yaşandı. Otuz illik torpaq həsrətinə son qoyan Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi xəbərini verdi. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi idi, illərin həsrətinin sona yetməsi demək idi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, bu gün dövlət başçısı ölkə həyatında ən vacib əlamətdar günləri, ən önəmli tarixləri məhz Şuşada qeyd edir. Artıq Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

2021-ci il mayın 12-də hər birimiz üçün müqəddəs olan Şuşada - Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” festivalında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, tanınmış incəsənət xadimləri, dövlət rəsmiləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri iştirak etdilər. N.Qəhrəmanova qeyd edib ki, Şuşanın işğalçılardan azad edilməsi ən unudulmaz tarixi günlərimizdən biridir. Çünki bu müqəddəs şəhəri əsgərlərimiz, igid oğullarımız xüsusi qəhrəmanlıqla azad etdilər. Şuşa uğrunda döyüşlərlə Azərbaycanın mərd oğullarının qəhrəmanlıq tarixi yazıldı. Alınmaz qala hesab edilən və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə də ən mükəmməl taktiki döyüşlərdən biri kimi düşdü. Sanki hər bir Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” fikirlərindən güc, qüvvət aldı. Qəhrəman Azərbaycan oğulları heç nədən qorxmadılar, çətinliklərə baxmayaraq, geri çəkilmədilər və cəsurluq nümayiş etdirdilər. Onlar sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlə şəhəri PUA-larsız, tanksız, artilleriyasız düşməndən azad etdilər. Strateji əhəmiyyətli Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tarixə yazıldı. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaq.

“Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələri restavrasiya olunub. 2022-ci ildə həm də Şuşanın 270 illiyi qeyd olunacaq. İnanırıq ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək”, - deyə Nərgiz Qəhrəmanova fikrini yekunlaşdırıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.