SİYASƏT
“Şuşa İli” çərçivəsində Vyetnamın media qurumları məlumatlandırılıb VİDEO



Pekin, 21 iyun, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyində “Şuşa İli” ilə bağlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam jurnalistlərinin peşə bayramına təsadüf edən tədbirdə ölkənin nüfuzlu media qurumlarının rəhbərləri və təmsilçiləri, Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edən jurnalistlər iştirak ediblər. Tədbirin bu formatda keçirilməsinin əsas məqsədi Şuşa şəhərinin xalqımızın tarixi və mədəniyyətindəki rolu, habelə Azərbaycanın mədəni, dini və tarixi abidələrinin Ermənistan tərəfindən dağıdılması barədə məlumatların yerli media vasitəsilə Vyetnam ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Bu məqsədlə tədbirdə Şuşa şəhəri haqqında və Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə videoçarxlar nümayiş etdirilib, Ermənistanın Azərbaycanın tarixi, dini və mədəni abidələrini dağıtmasını əks etdirən fotosərgi təşkil olunub, iştirakçılara kitab və bukletlər paylanılıb.
Səfir Anar İmanov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, o cümlədən Azərbaycanın tarixi, dini və mədəni abidələrinə dəymiş ziyan, dağıdılmış şəhər və kəndlərimiz, erməni barbarlığı haqqında ətraflı məlumat verib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın beynəlxalq hüququn prinsip və normalarını pozmasına, çoxsaylı cinayətlərinə göz yumması işğalın onilliklərlə davam etməsinə səbəb olub.
Səfir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ilin payızında 44 günlük müharibədə Ermənistanın işğalına son qoyduğunu bildirib, Vətən müharibəsindən sonrakı dövrdə bölgəmizdə gedən proseslər barədə danışıb. İşğaldan azad edilmiş ərazilərin, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın bərpasına yönəlmiş tədbirlər barədə məlumat verib.
İyunun 20-də Dünya Qaçqınlar Gününün qeyd olunduğu bildirən A.İmanov işğal nəticəsində evlərini itirmiş bir milyona yaxın azərbaycanlının Ermənistanın şəhər və kəndlərimizi dağıtması və əraziləri minalanması səbəbindən hələ də yurd-yuvalarına qayıda bilmədiklərini vurğulayıb.
Tədbirin nəticəsi olaraq Vyetnam mediasında Azərbaycan haqqında silsilə məqalələrin dərc edilməsi barədə razılıq əldə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin