MƏDƏNİYYƏT
“Şuşa İli” ilə əlaqədar videoçarx hazırlanıb
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şuşa İli” ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Şuşanın tarixi və tanınmış şəxsiyyətləri haqqında məlumat yer alıb. Ordumuzun Şuşa Zəfəri 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi olub. Şuşa azad ediləndən dərhal sonra Ermənistan kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf edib. Bu gün fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhərimiz 8 mayı azad şəkildə qarşılayır.
Azərbaycan Ordusu nəinki düşməni diz çökdürərək onların 29 il qeyd etdikləri işğal bayramlarını - 8 may gününü tarixdən silib, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurub. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır desək yanılmarıq. 29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Ötəri yerə deməyiblər ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyi olub. Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyli deyib: “Hər bir millətin bətnindən dünyaya elə övladlar gəlir ki, onlar sanki özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa, hətta ümumi insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. İnsanlar indi də, onlardan mənfəət görməkdədir. Bu cürə adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.
Videoçarx kitabxananın instaqram səhifəsinə yerləşdirilib.