CƏMİYYƏT


“Şuşa Könüllüləri” qrupuna 250-dən çox şəxs müraciət edib

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və Böyük Qayıdış prosesinə töhfə vermək məqsədilə Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən ötən aylarda “Qayıdış Könüllüləri” proqramına start verilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi ilə birgə “Ağdam Könüllüləri” qrupu artıq fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi ilə birgə formalaşdırılan “Şuşa Könüllüləri” qrupunun isə təlim mərhələsi uğurla davam edir.

8 Noyabr - Zəfər Günü ərəfəsində qəbuluna start verilən “Şuşa Könüllüləri” qrupuna qısa müddət ərzində 250-dən çox şəxs müraciət edib. Müsahibə mərhələsinin yekununda 20-yə yaxın könüllü seçilərək proqramın təlim mərhələsində iştirak haqqı qazanıb. Dörd gün müddətində müxtəlif dövlət qurumlarının nümayəndələri və peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak edən könüllülər son mərhələdə imtahan verəcəklər.

Yekunda imtahan mərhələsini uğurla bitirən “Şuşa Könüllüləri” Şuşa şəhərində həyata keçirilən müxtəlif fəaliyyətlərə cəlb olunacaq.

Onlar Şuşaya səfər edən yerli və xarici qonaqların qarşılanması, ərazidə görülən işlərlə tanışlığı prosesinə, Şuşada keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə, bərpa və yenidənqurma işlərinə könüllü dəstəyi göstərəcəklər.

Qeyd edək ki, “Qayıdış Könüllüləri” proqramının başlıca vəzifəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planının 3.1.3. bəndinə uyğun olaraq, əhalinin yaşayış məntəqələrinə qayıdışının asanlaşdırılması və gənclərin bu prosesdə iştirakının təşviqidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.