REGİONLAR
“Şuşa Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya təşkil olunub
Goranboy, 3 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Şuşa Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Goranboy şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin, Vətən müharibəsində iştirak etmiş qazilərin və aşıqların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbirdə Mərkəzi Kitabxananın direktoru Gülnarə Nəsibova giriş sözü ilə çıxış edib, kitabxananın işçisi Türkan Baxşəliyeva Şuşanın kitabxanası haqqında, Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Şuşanın tarixi haqqında geniş və ətraflı məlumat veriblər. Tarix müəlliməsi İlhamə Qasımova Şuşa şəhərini gəzib görmüş biri kimi şəhərin kəhrizlərindən və bulaqlarından danışıb.
Sonda ədəbi-bədii kompozisiya təşkil olunub.