MƏDƏNİYYƏT


“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı”: İslam Abdullayev

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində bugünkü təqdimat Qarabağ muğam məktəbinin ən görkəmli nümayəndələrindən biri olan İslam Abdullayevə həsr olunub.

AZƏRTAC xəbər verir ki, təqdimatda məşhur xanəndənin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verilir.

Qeyd edilir ki, İslam Əbdül oğlu Abdullayev 1876-cı ildə Şuşa şəhərində anadan olub. O, ilk təhsilini də burada - şəhər məktəbində alıb. Məktəb illəri İslamda musiqiyə coşqun həvəs oyadıb. Bunu atası Əbdül kişi hiss etsə də, oğluna musiqi müəllimi tutmaq imkanı yox idi. Bir təsadüf İslamı musiqi aləminə gətirib çıxardı. Gənc İslamın məlahətli səsindən xəbər tutan şair Nəvvab onu “Xanəndələr məclisi”nə cəlb edir. İslam Abdullayev öz xatirəsində yazır ki, mən Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam.

Vurğulanır ki, gənc İslam belə bir mühitdə musiqi elminin incəliklərini öyrənir, məclislərdə xanəndə kimi tez-tez çıxış edirdi. Onun ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olub. Buradakı ilk çıxışından sonra İslamın şöhrəti artır.

“O, tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarının el şənliklərinə dəvət edilir. Çox çəkmir ki, İslamın səsi İran məclislərindən gəlir. İslamın yanıqlı səsinə və zəngin yaradıcılığına yüksək qiymət verir, ona heyran olduqlarını bildirirlər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İslam Abdullayev geniş zəhmətkeş kütlələrinə daha yaxından xidmət etmək imkanı qazanır. O, ayrı-ayrı rayonlarda aparılan təbliğat işlərində fəal çalışır, əhali qarşısında tez-tez konsertlər verir. İstedadlı xanəndə uzun illər Azərbaycan dövlət estradasının solisti olur. O, eyni zamanda, Şuşa, Ağdam musiqi məktəblərində muğamatdan dərs deyərək gənc müğənnilərin yetişməsinə böyük qayğı göstərir. Azərbaycan xalqının milli mədəniyyəti sahəsində uzun müddət fəaliyyət göstərən İslam Abdullayev Azərbaycan SSR-nin Əməkdar artisti kimi şərəfli ada layiq görülür, bir neçə medalla təltif olunur. İstedadlı sənətkar 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib”, - deyə xanəndə haqqındakı məlumatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.