CƏMİYYƏT
Şuşa Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları müzakirə olunub
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Şuşa rayonu üzrə 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov hesabat məruzəsi ilə çıxış edərək rayon əhalisinin sosial müdafiəsi məsələlərindən, ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edib. B.Səfərov bildirib ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olub və səmərəli nəticələr verib. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olub.
Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirib.
2018-ci ilin altı ayı ərzində rayon məşğulluq mərkəzi tərəfindən 88 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, 19 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Mərkəz tərəfindən 16 nəfər qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırlığına cəlb edilib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev, rayon təhsil şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, rayonun kənd təsərrüfatı idarəsinin rəis müavini-maliyyə təsərrüfat sektorunun müdiri Emin Bağırov məruzə ətrafında çıxış ediblər.
Çıxışlarda radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərmələri ciddi şəkildə pislənilib. Vurğulanıb ki, bu cür qanunazidd hərəkətlər Azərbaycanı istəməyən qüvvələrin növbəti təxribatı, ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Baş verən hadisələr isə göstərir ki, dövləti, sabitliyi, inkişafımızı hər an qorumalıyıq və Azərbaycan xalqı, dövləti buna qadirdir.