MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cıdır düzü

Bakı, 19 avqust, AZƏRTAC

“Şuşa İli” elan edilməsi haqqında Sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı ” adlı layihə davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanı dillər əzbəri edən məşhur tarixi məkan olan Cıdır düzünə həsr olunub.

Cıdır düzü şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub.

Əsrarəngiz gözəlliklər məkanı olan Cıdır düzü ədəbi-musiqili məclislərin, musiqi şənliklərinin də keçirildiyi yer idi. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” musiqi festivalları da keçirilirdi.

1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduğuna görə bu müqəddəs məkan mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı.

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edib. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.