MƏDƏNİYYƏT
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Mir Möhsün Nəvvab
Bakı, 3 oktyabr, AZƏRTAC
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olmuş Mir Möhsün Nəvvaba həsr olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda Mir Möhsün Nəvvabın həyat və fəaliyyəti haqqında məlumat verilir.
Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada dünyaya göz açıb. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəyərək, Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına da yiyələnib.
Nəvvab öz evində iki teleskop qoyaraq kiçik bir rəsədxana və kimya laboratoriyası yaradıb, səma cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib edib. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.
O, Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə heç şübhəsiz ki, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri, bina və məscidlərə vurduğu naxışlar bizə yadigar qalıb.
Milli musiqişünaslıqda Nəvvabın mühüm xidmətləri olub. O, XIX əsrin 80-ci illərində Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaradır. Burada musiqi sahəsinin ən aktual məsələləri barədə müzakirələr aparılırdı. Məclisdə Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Sadıxcan və digər məşhur xanəndələr iştirak edirdi.
Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat edib.