MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Osman Hacıbəyov

Bakı, 9 avqust, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR-nin Əməkdar artisti Osman Hacıbəyova həsr olunur.

Osman İsmayıl oğlu Hacıbəyov 1924-cü il fevralın 18-də Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.

1942-ci ildə təhsilini bitirəndə onu təyinatla Gənc Tamaşaçılar Teatrına aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı verilib.

Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizim və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.

Qeyd edək ki, Osman Hacıbəyov El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”) və başqa rolları ilə sənət tariximizdə iz qoyub.

Osman Hacıbəyov 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.