MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Sadıq bəy Zöhrabbəyov

Bakı, 29 iyul, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat mesenat Sadıq bəy Zöhrabbəyova həsr olunub.

S.Zöhrabbəyov 1868-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, daha sonra isə Şuşa Real məktəbində təhsilini davam etdirib. O, musiqi və klassik poeziya bilicisi kimi ərəb-fars dillərini kamil bilən, eyni zamanda, rus dilinə aşina olan mükəmməl ziyalı kimi yetişmişdi. Əsasən ticarətlə məşğul olmuşdur.

Sadıq bəy Zöhrabbəyov ticarət işlərini Rusiya imperiyasının Vladiqafqaz şəhərində aparırdı. Həmin şəhərdə Zöhrabbəyov qardaşlarının yaşayış evləri, ticari kontorları vardı.

Sadıq bəy Zöhrabbəyov maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biri olub. O, qardaşları ilə birgə Vladiqafqaz şəhərində qız pansionatı tikdirmişdi. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Qardaşı kollej katibi, görkəmli pedaqoq Mirzə Salah bəy Şuşada məktəb tikdirərkən ona böyük maliyyə dəstəyi göstərmişdi.

Maarifin-məktəbin çiçəklənməsinə yardım edən Sadıq bəy Zöhrabbəyov Şuşadan görkəmli pedaqoq Bahaəddin bəy Köçərlinskini Vladiqafqaza dəvət etmiş, onu işlə və qalacaq yerlə təmin etmişdi.

Musiqi aşiqi olan Sadıq bəy Zöhrabbəyov Qarabağ xanəndələrinin dinləyicisi və seyircilərindən olmuşdu. Adlı-sanlı xanəndələri tez-tez Vladiqafqaza dəvət edirdi.

Onun səxavəti və nəcibliyi, qonaq və kasıblara göstərdiyi təmənnasız köməyi artıq Sadıq bəy Zöhrabbəyovu bütün qafqazlıların hörmət bəslədiyi ləyaqətli bir insana, böyük nüfuz sahibinə, şəxsiyyətə çevirmişdi.

Sadıq bəy Zöhrabbəyov inqilabdan sonra Azərbaycana dönmüş, Bakıda məskunlaşmışdı.

Sadıq bəy Zöhrabbəyov 1942-ci ildə Bakı şəhərində vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.