REGİONLAR
Şuşa mədəniyyətimizin beşiyidir
Masallı, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Şuşa mədəniyyətimizin beşiyidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsini Azərbaycan xalqının tarixi və mədəni-mənəvi irsinə verilən böyük qiymət kimi dəyərləndirib.
Ə.Tağıyeva çıxışında Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Muzeyin əməkdaşı Sevinc Əliyeva Şuşa şəhəri, onun qədim tarixi abidələri, mədəniyyət və incəsənət xadimləri haqqında məruzə ilə çıxış edib.
Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışaraq, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırdığını diqqətə çatdırıb.