MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri”: Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi
Bakı, 3 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılıb.
Muzeyin ekspozisiyasında Hacıbəylilər ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü.Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunurdu. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gələn qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri keçirilib.
Ev-muzeyi 1992-ci ilə kimi fəaliyyət göstərib. Muzeyin eksponatları hazırda Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondunda saxlanılır.
Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra dahi bəstəkarın Şuşadakı ev-muzeyində bərpa işləri həyata keçirilir.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.