MƏDƏNİYYƏT


“Şuşa mədəniyyətinin inciləri”: “Xarıbülbül” musiqi festivalı

Bakı, 10 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif təqdimatlarla davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli”nə həsr olunan “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə növbəti təqdimat “Xarıbülbül” beynəlxalq musiqi festivalından bəhs edir.

Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.

1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivalda ittifaq respublikaları ilə yanaşı, Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrdə nümayəndələr iştirak edib.

Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. 1990-1991-ci illərdə festivalın final konsertləri Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təşkil olunub.

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. “Xarıbülbül” musiqi festivalını o il Şuşada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirildi.

Şuşa ənənəvi festivallı günlərinə qayıtmaq üçün uzun illər gözləməli oldu. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən, Şuşa şəhəri azadlığına qovuşandan sonra 2021-ci il 12-13 may tarixlərində “Xarıbülbül” festivalı yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak etdilər. Tədbirə dövlət və hökumət rəsmiləri, mədəniyyət, ədəbiyyat və elm xadimləri qatılmışdı.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət zəngin və maraqlı proqram təqdim olundu. Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı sayəsində azadlığına qovuşan Şuşanın hər qarış torpağı, sıldırım qayaları “Bayatı-Şiraz” muğamının sədasına büründü...

Şübhəsiz ki, qala-şəhərimizin növrağı hələ qabaqdadır. “Xarıbülbül” musiqi festivalı o xoş günlərin müjdəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.