MƏDƏNİYYƏT


“Şuşa mədəniyyətinin inciləri”: baharı qadın geyimi

Bakı, 26 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan baharıya həsr olunub.

Qarabağ bölgəsi qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XIX-XX əsrin əvvəllərində Şuşanın qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, nimtənə, pullu çəpkən və başqa geyim tipləri daha çox istifadədə olunurdu.

Şuşada geniş istifadə olunan qadın üst geyim tipindən biri də baharıdır. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.