ELM VƏ TƏHSİL


Şuşa məktəblərinin uğur təcrübəsi: tanınmış məzunlar və yanaşmalar

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu məktəblərin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılacaq. Bununla da Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulacaq.

“Şuşa dərsi”ndə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirlik yanında İctimai Şuranın sədri Şahlar Əsgərov açılış nitqi ilə çıxış edəcək. “T-NETWORK”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluq edəcəyi müzakirələrdə nazirlik yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, vaxtilə Şuşada məktəb direktoru işləmiş, hazırda isə Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, həmçinin vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbin direktoru olaraq fəaliyyətini davam etdirən Naimə Əliyeva, həmin məktəbin müəllimi Raisə Fərəcova iştirak edəcəklər.

“Şuşa dərsi” Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini dəstəkləyən “T-NETWORK”un əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.