CƏMİYYƏT
Şuşa məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsi ilə tanış olacaqlar VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Şuşa rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 20 şagird Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Lənkəran şəhərinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bu tur-aksiyaların məktəblilərin dünyagörüşünün artması baxımından önəmini vurğulayıb. O bildirib ki, dörd gün ərzində Şuşa məktəbliləri Lənkəran-Astara-Masallı marşrutu üzrə səfər edəcəklər.
Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyasına işğal altında olan rayonlarımızın məktəbliləri də qoşulublar. Bu tur-aksiya sayəsində şuşalı şagirdlər Azərbaycanın regionda qüdrətli dövlət olmasının şahidi olacaqlar. Onlar bölgələrimizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaq, zəngin məlumat əldə edəcəklər. Həmçinin şuşalı məktəblilər getdikləri yerlərdə öz həmyaşıdlarına Şuşanın tarixi, mədəniyyəti barədə məlumat vermək imkanı əldə edəcəklər. Belə bir şəraitin yaradılmasına görə dövlətimizin başçısına təşəkkürümüzü bildiririk.
Şuşa rayon məktəblilərinin qrup rəhbəri, Nizami Gəncəvi adına Xankəndi tam orta məktəbinin direktor müavini Cəmilə Əhmədova AZƏRTAC-a müsahibəsində deyib: “Bu, çox əhəmiyyətli bir layihədir. Çünki bir çoxumuz hələ doğma Azərbaycanımızın gözəl guşələrini yaxşı tanımırıq. Gələcəyimiz olan məktəblilər bu layihə sayəsində yurdumuzu daha yaxından tanıyacaqlar. Mən bu tur-aksiyada qrup rəhbəri olmağımdan çox şadam. Əminəm ki, cənub bölgəsindən xoş təəssüratlarla qayıdacağıq”.
Tur-aksiyada iştirak edən Şuşa rayonu Quşçular kəndi tam orta məktəbinin 9-cu sinif şagirdi Aytac Quliyeva sevincini belə ifadə edib: “Mən ilk dəfədir ki, “Ölkəmizi tanıyaq” layihəsində iştirak edirəm. Çox sevinirəm. İnanıram ki, özümə yeni dostlar qazanacağam. Cənub bölgəsinə səfərin çox maraqlı olacağını düşünürəm. Oranın tarixi məkanları, gəzməli-görməli yerləri ilə yaxından tanış olacağıq. Gələn səfərimizin işğaldan azad edilən torpaqlarımızda olmasını arzu edirəm. Bu şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarıq”.
Şuşa rayonu 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məzahir Həsənli deyib: “Bu, çox önəmli layihədir. Biz məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün çox yaxşı imkan əldə etmişik. Əminəm ki, bu səfər bizdə çox xoş təəssüratlar yaradacaq.
Məktəblilərə bu sevinci yaşatdığına görə dövlətimizin başçısına təşəkkür edirik”.
Sonra məktəblilər Lənkəran şəhərinə yola salınıblar.