Şuşa musiqiçilərinin rənglənmiş fotoları Mingəçevir Turizm Kollecində sərgilənib
AzerTAg.az
Bakı, 15 may, AZƏRTAC
Mingəçevir İcra Hakimiyyətinin və Mingəçevir Turizm Kollecinin təşkilati dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən fotosərgi təşkil olunub. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə UYD-nin icra etdiyi “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində həyata keçilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Turizm Kollecinin həyətyanı sahəsində baş tutan sərgidə kollecin 200 nəfərdən çox müəllim və tələbəsi iştirak edib. İştirakçılar sərgi çərçivəsində Şuşa musiqiçilərinin rəqəmsal üsullar ilə rənglənmiş fotoları və onların fəaliyyətini aşılayan məlumatlarla tanış olublar. Tədbirin sonunda Şuşa musiqiçiləri haqqında sənədli abidələrin sosial platformalarda yayılmasına sərgi iştirakçılarını təşviq edən bukletlər paylanılıb.
Məlumat üçün qeyd edək ki, layihənin xüsusi hədəfi Şuşa musiqiçilərinin tanıdılmasında gənclərin rolunu artırmaqdan ibarətdir. Bu günə qədər layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində, Şəki, Şamaxı, Ağdam rayonlarında Şuşa musiqiçilərinin rənglənmiş fotolarından ibarət 8 sərgi təşkil olunub.



Xəbərin mətnində orfoqrafik səhv var