MƏDƏNİYYƏT


Şuşa musiqiçilərinin rənglənmiş fotoları Qaradağ rayonunda nümayiş olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD) tərəfindən növbəti fotosərgi təşkil olunub. “Rənglənmiş tarix” Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunan sərgi Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayında nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə baş tutmuş sərgidə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, uşaq musiqi məktəbinin direktoru Əfrasiyab Dadaşov, incəsənət məktəblərinin direktorları, tələbə və gənclər iştirak ediblər.

Sərgidə layihə çərçivəsində Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin rəqəmsal üsullar ilə rənglənmiş fotoları yer alıb.

UYD sədri Fərhad Abdulov sərgi iştirakçılarına layihə haqqında məlumat verərək onları rənglənmiş fotolar ilə tanış edib.

Daha sonra tədbir C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin “Şuşa İli”nə həsr olunmuş hesabat konserti ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.